Məni xilas edin
“Məni xilas edin” — insanın öz içində boğulduğu rollardan, gözləntilərdən və susdurduğu həqiqətlərdən qurtulmaq istəyi. Bu yazı ruhun gizli etirafını, özünü itirmiş bir “mən”in yenidən doğulmaq üçün səssiz çağırışını təsvir edir.
İnsan bəzən içində heç kimə demədiyi, deməyə cəsarət etmədiyi bir cümlə daşıyır: “Məni xilas edin.” Amma qəribəsi budur — bu söz çox vaxt başqasına deyil, özünə ünvanlanır.
Çünki biz çox erkən yaşlardan öyrənirik ki, xilası həmişə kənardan gözləmək lazımdır. Valideyn, dost, cəmiyyət, uğur, pul, sevgi — kimsə və ya nəsə gələcək, bizi bu sonsuz daxili qarışıqlıqdan çıxaracaq. Amma insan yaşadıqca başa düşür ki, xilasedici heç vaxt çöldə olmur. Hər kəs öz yarasına batıb, öz səssizliyində boğulur. Hər kəs günahını örtmək üçün özünə bəhanə axtarır.
Və bir gün insan anlayır:
“Məni xilas edin” — əslində kömək çağırışı deyil. Bu, ruhun özünə etdiyi bir etirafdır: “Mən artıq olduğum kimi davam edə bilmirəm.”
Biz yoruluruq.
Başqalarının yaratdığı rollardan.
Özümüz üçün qurduğumuz həddindən artıq gözləntilərdən.
Daxili səsin susmadığı gecələrdən.
Hər addımımızı ölçüb-biçən sistemdən.
Bizi bizdən daha yaxşı tanıdığını iddia edən dünyadan.
İnsan bəzən elə bir nöqtəyə gəlir ki, öz içində boğulduğunu hiss edir. Sanki görünməz bir əl səni aşağı çəkir, sən isə çırpındıqca daha dərinə batırsan. Çünki uzun illərdir daxilində yığdığın hər şey – qorxu, utanc, qırılmış arzular – bir anda səni üstələyir.
Və o zaman ruh pıçıldayır:
“Məni xilas edin… amma kimsədən yox, özümün içində ilişib qalan öz-özümü.”
Bu çağırış gücsüzlüyün deyil, başlanğıcın səsidir.
Səndə nəyisə dəyişmək istəyinin səsidir.
Maskaları çıxarmağa hazırlaşan bir ruhun səsidir.
Çünki insan elə bir məqama gəlir ki, artıq özünü aldada bilmir. Bu nöqtə qorxulu olsa da, həqiqi dönüş buradan başlayır. Nietzsche deyirdi ki, insanın ən böyük mübarizəsi öz-özü ilədir. Biz atdığımız hər addımda ya özümüzə yaxınlaşırıq, ya da daha da uzaqlaşırıq.
“Məni xilas edin” deyəndə, əslində ruh deyir:
“Məni mənə qaytar.”
Başqalarının gözləntilərindən, boğan səssizliklərdən, özümə qurduğum həbsxanalardan.
Jung-un dili ilə desək, biz kölgəmizlə üzləşmədən işığa çıxa bilmərik.
Xilas olmaq - kiminsə bizi tutub qaldırması deyil. Bu, içimizdəki qaranlığı qəbul edib, onunla danışıb, onu tanımaqdır.
Bəlkə də insan xilas olmaq istəmir.
Yalnız anlanmaq istəyir.
Yalnız görülmək.
Yalnız bir anlıq öz gerçək “mən”inə toxunmaq.
Və bəlkə də ən böyük xilasedici budur:
Özünü gizlətmədiyin bir an.
Heç kimə oxşamadığın, heç kimin qəlibinə sığmadığın bir an.
İlk dəfə özünlə dürüst olduğun an.
İnsan o anda anlayır ki, xilası başqasından gözləmək - illüziyadır.
Xilas olmaq isə - seçim.
“Məni xilas edin” deyən ruh, əslində səni özünə doğru çağırır.
Və sən bir gün o səsi eşitsən, artıq heç nə əvvəlki kimi olmayacaq.
Reaksiyanı bildir